
Mən
Ramazan Oruc oğlu
Qafarlı 1951-ci ilin iyun ayının 17-də Azərbaycanın
qədim və özünəməxsus şəhəri
Şəkidə anadan olmuşam. Şərqin (Qafqazda
yerləşən) ən qədim yaşayış məskəni
Şəki əslində «saki» // «saklar» deməkdir. Əski
çağlarda tarixi mənbələrdə «Sakasen» şəklində
xatırlanmışdır və prototürklərin ilkin
yurd yerlərindən biri hesab edilir.
Bu günə qədər Azərbaycan Dövlət Pedaqoji
İnstitunun diplomunu (filologiya ixtisası üzrə) almış,
«Azərbaycan uşaq folkloru» movzusunda namizədlik dissertasiyası
müdafiə etmiş (1988), keçmiş SSRİ-nin AAK-nın
Böyük elmi işçi attestatına layiq görülmüşəm.
Elmi fəaliyyətimlə bağlı 2002-ci ildə Rusiyanın
Sankt-Peterburq şəhərində üç aylıq
stajirovka keçmiş, A.Gertsen adına Rusiya Dövlət
Pedaqoji Universitetinin Elmi Şurasında «Azərbaycan türklərinin
mifologiyası» adlı doktorluq dissertasiyası mövzusunu
təsdiqlətmiş, işi başa çatdırıb
müzakirəyə təqdim etmişəm.
Hal-hazırda ADPU-nun Folklor və qədim ədəbiyyat
kafedrasının dosenti vəzifəsində çalışır,
MEA-nın Folklor, Ədəbiyyat, Fəlsəfə və
Hüquq institutları ilə sıx əməkdaşlıq
edirəm. 1999-cu ildə «Ərən» adlı elmi-ictimai
qəzet təsis etmişəm. Həmin qəzetin baş
redaktoruyam.
Türk xalqlarının qədim tarixə malik
müxtəlif
ritualları, bayram və ayinləri, folkloru, yazılı
abidələri, ilkin dünyagörüşü, mifləri,
tanrılar, mədəni qəhrəmanlar haqqında özünəməxsus
təsəvvürləri məni heyrətləndirir.
Ona görə də həyatımın yetkinlik çağlarından
başlayaraq xalqımızın mifoloji görüşlərini,
qədim tarixini, mədəniyyətini, ədəbiyyatını,
etnoqrafiyasını və folklorunu öyrənməklə
məşğulam. Bu günədək Azərbaycanda və
respublikamızın sərhədlərindən kənarda
mifologiya, folklor və yazılı abidələr barədə
beş monoqrafiya, üç toplu, yüzdən çox elmi
məqalə çap etdirmiş, bir çox Beynəlxalq
elmi konfrans və simpoziumlarda məruzələr oxumuşam.
Son dəfə Sankt-Peterburq şəhərində keçirilən
V «Etnosun gerçəkliyi» (22-25 mart 2003) konfransındakı
məruzəmin mətni akademik Q.Bordovskinin redaktorluq etdiyi
məcmuədə işıq üzü görmüşdür.
Bu saytı Azərbaycan türklərinin tarixi kökləri,
adət-ənənələri, dünyagörüşü
ilə maraqlananlara həsr edirəm. Qaldırdığım
məsələlərdə qaranlıq qalan, anlaşılmayan
qənaətlər barədə sorğunuzu
author@azmif.net,
ramazan@azmif.net,
gafarli@mail.az,
və ya
ramazan@baku.az göndərməyi
unutmayın. Sayt haqqında fikirləriniz mənim üçün
çox gərəklidir. Qonaq istədiyiniz vaxt kitabına
daxil olun, ürəyinizdən keçənləri, arzu
və təkliflərinizi yazmaqla saytır yaradıcılarını
məmnun edin. Sizin elektron poçt vasitəsi ilə əlaqə
yaratmaq imkanınız da var. Saytla tanış olanlara qabaqcadan
minnətdaram. Ümidvaram ki, qədim Azəbaycan türklərinin
rəngarəng mifləri və folklorundan ibarət xəzinənin
qapısını açıb içəri keçənlər
uduzmayacaqlar, oradan əliboş deyil, əvəzsiz sərvətlə
geri qayıdacaqlar.
Saytın yaradılmasında mənə köməklik
edən hər kəsə, xüsüsilə
Rauf
Əliyevə (vebmaster),
Rəşad
Qafarova (vebdizayner) və
Anar
İsmayılova (host-master) təşəkkürümü
bildirirəm.